ELM VƏ TƏHSİL
Tanınmış şərqşünas alim Esmeralda Həsənovanın xatirəsi anılıb
Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 28-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda tanınmış şərqşünas alim, türkoloq, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənovanın 90 illiyinə həsr olunmuş tədbirdə xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bu il dünyasını dəyişmiş E.Həsənovanın Azərbaycan şərqşünaslığında böyük xidmətləri olduğunu bildirib. Türkologiya elminə dəyərli əsərləri ilə böyük töhfə verən Esmeralda xanımın elmi fəaliyyətində çox aktual məsələləri tədqiq etdiyini deyən G.Baxşəliyeva alimin elmimizin yeni nəsli üçün əsl örnək olduğunu söyləyib. Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinə uğurla rəhbərlik etmiş E.Həsənovanın tədqiqatlarının bütün respublikanın ziyalılarında böyük maraq oyatdığını bildirən G.Baxşəliyeva alimin bir sıra ölkələrin elmi dairələrində, xüsusilə Türkiyədə mütəxəssislər arasında yaxşı tanındığını vurğulayıb. Akademik G.Baxşəliyeva E.Həsənovanın şərqşünaslıq elmimiz qarşısında xidmətlərinin dövlət tərəfindən də yüksək qiymətləndirildiyini bildirərək, 2018-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edildiyini xatırladıb.
Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri vəzifəsini icra edən, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Esmeralda Həsənovanın əsərlərinin beynəlxalq müstəvidə müasir türkoloji problemlərin öyrənilməsində böyük əhəmiyyət kəsb etdiyini deyərək, alimin Türkiyənin tarixi, mədəniyyəti, ictimai-siyasi həyatı, din, millətçilik, din və dövlət münasibətlərinə dair yazdığı əsərlərinin bir çox dünyaşöhrətli alimlərin və dövlət xadimlərinin marağını cəlb etdiyini vurğulayıb.
Şərqşünaslıq İnstitutunun əməkdaşlarından tarix üzrə fəlsəfə doktorları Əmmar Abbasov və Fərda Əsədov, fəlsəfə üzrə fəlsəfə doktorları Dürdanə Cəfərli və Elvüsal Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Vüqar Məmmədov, eləcə də Mirzə Ənsərli anım tədbirində çıxış edərək, Esmeralda Həsənovanın elmi nailiyyətlərini yüksək qiymətləndiriblər, onun şərqşünaslıq elmimizin gənc nəslinə böyük qayğısından danışıb və alimin itkisinin Azərbaycan şərqşünaslığı üçün çox ağır olduğunu qeyd ediblər.