“Tank biatlonu” müsabiqəsində iştirak edən hərbçilərimiz döyüş maşınlarının texniki vəziyyətini yoxlayıblar
Bakı, 18 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız onların istifadəsinə verilən döyüş maşınlarını qəbul edib, texniki qulluq göstərib və baxış keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tank heyətləri və texniki dəstək qrupu döyüş maşınlarının mühərrikləri, idarəetmə sistemləri və rabitə vasitələrinin texniki vəziyyətini yoxlayıblar.
Azərbaycan tankçıları avqustun 23-də Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə yarışacaqlar. Müsabiqə sentyabrın 5-dək davam edəcək.