Tarix Muzeyində “Azərbaycan istiqlal müjdəçiləri” sərgisi açılıb
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Azərbaycan istiqlal müjdəçiləri” sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə 1918-1920-ci illərdə mövcud olmuş Cümhuriyyətin görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyəti işıqlandırılıb.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin keçirilməsi haqqında Sərəncamının əhəmiyyətindən bəhs edib. Akademik Cümhuriyyət xadimlərinin muzeydə qorunan zəngin eksponatlarının tariximizin tədqiqində oynadığı roldan danışıb.
Mövzu ilə bağlı çıxışlar dinlənilib.
Qeyd olunub ki, MATM tərəfindən AXC ilə bağlı muzeydə qorunan eksponatlara həsr olunmuş “Azərbaycan Cümhuriyyəti tarixinin yadigarları” kataloqu hazırlanıb.
Sərgi iştirakçılarına kataloq barəsində ətraflı məlumat verilib.
AXC-nin tədqiqi və təbliğinə töhfə vermiş, həmçinin sərginin təşkilində fəal iştirak etmiş şəxslərə muzey tərəfindən təşəkkürnamələr təqdim edilib.
Sonra sərgiyə baxış keçirilib.
Sərgidə qurulmuş 13 iriölçülü informasiya panelində Cümhuriyyətin siyasi, ictimai, hərbi liderlərinin bioqrafiyaları, həyata keçirdikləri tədbirlər barəsində məlumat verilir, fotoları təqdim edilir. Sərgi zalında qurulmuş 30-dan artıq digər panellərdə Cümhuriyyət xadimlərinin, bir neçəsi ilk dəfə işıq üzü görmüş tarixi fotoşəkilləri nümayiş etdirilir. Ayrıca panellərdə Cümhuriyyətin 300-dən artıq xadiminin adı, soyadı, atasının adı göstərilir, fəaliyyət sahəsi barədə məlumat verilir. Zalın baş tərəfində Dövlət Bayrağının təsviri, heykəltəraş Elşən Sərxanoğlunun müəllifi olduğu “İstiqlal müjdəçisi” heykəli nümayiş etdirilir. Cümhuriyyətin görkəmli xadimlərinə məxsus, muzeyin fondlarında saxlanılan tarixi eksponatlar vitrinlərdə nümayiş olunur. Sərgidə Məhəmməd Əmin Rəsulzadənin muzeyə bu günlərdə hədiyyə olunmuş məktubları da yer alıb. Təkcə muzeyin fondlarında deyil, həmçinin fərdi kolleksiyalarda olan materiallar da nümayiş etdirilir. Belə ki, kolleksioner Dilqəm Əhmədin Məhəmməd Əmin Rəsulzadə ilə bağlı eksponatları, İlqar Rəhimovun kolleksiyasından AXC Ordusu zabitinin paqonu və ona aid foto, Gülnarə Abdullayevanın kolleksiyasından Cümhuriyyət xadimləri - Həsən bəy Ağayev və Əhməd bəy Pepinova məxsus eksponatlar sərgidə göstərilir.
Sərgi sentyabrın 5-dək davam edəcək.