ELM VƏ TƏHSİL
Tarix Muzeyində Məmməd Bağırovun 100 illiyi qeyd olunub
Bakı, 27 dekabr, AZƏRTAC
Dekabrın 27-də Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi zamanı İtaliya Müqavimət hərəkatının fəal iştirakçısı, Pistoya şəhərinin fəxri vətəndaşı, azərbaycanlı partizan Məmməd Bağırovun 100 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İkinci Dünya müharibəsində partizan kimi fəaliyyət göstərən Məmməd Bağırovun İtaliya Prezidenti ilə dostluq etdiyi bildirilib. Qəhrəmanın keçdiyi həyat yolundan danışılıb, onun İtaliyadakı 6 min 500 sovet partizanı arasında İtaliya hökumətindən hərbi təqaüd alan yeganə şəxs olduğu diqqətə çatdırılıb. Həmçinin Məmməd Bağırovun Ulu Öndər Heydər Əliyevin İtaliyaya səfəri zamanı onunla gedərək tərcüməçilik etdiyi qeyd olunub.
Məmməd Bağırovun nəvəsi, Vətən müharibəsi qazisi baş leytenant Murad Əfəndiyev çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Babasının son nəfəsinə kimi yanında olduğunu qeyd edən M.Əfəndiyev qəhrəmanın canlı tarix olduğunu, onun əlyazmalarını saxladığını deyib.
Sonda Məmməd Bağırovun həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.
Sərgidə partizan Məmməd Bağırovun muzeyin zəngin fondlarında qorunan təltifləri, xatirə fotoşəkilləri, onun igidliyinə, qəhrəmanlığına həsr olunmuş qəzet materialları nümayiş olunub.