SİYASƏT
Tarixi anlara şahidlik edən bina: Şota Rustaveli prospekti, 6
Tbilisi, 28 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də Tbilisinin mərkəzində (indiki Şota Rustaveli prospekti 6) fəaliyyət göstərən Qafqaz Canişinliyinin binasında elan olunub. Yeni yaranmış hökumət və Milli Şura iyun ayının 16-dək, yəni Gəncəyə köçürülənədək bu binada fəaliyyət göstərib
Bina administrasiyasının işçisi Ketevan Paçuliya AZƏRTAC-a müsahibəsində deyib ki, 1918-ci il fevral ayının 23-də bu binada Gürcüstan, Azərbaycan və Ermənistandan ibarət Zaqafqaziya Seymi də çağırılıb.
Qafqaz Canişinliyinin xidməti məkanı olmuş binada həmin dövrün bir çox görkəmli şəxsiyyətləri, o cümlədən Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, fəlsəfi fikrinin banilərindən olan M.F.Axundov və A.Bakıxanov çalışıblar.
Binanın əsas zalının girişində burada Gürcüstan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsini bildirən məlumat lövhələri yerləşdirilib. Ermənistana aid belə lövhə yoxdur.
Qeyd edək ki, bu möhtəşəm bina 1921-ci ildə Gürcüstan Konstitusiyasının təsis olunmasına da şahidlik edib. Sovetlər dövründə pionerlər evi kimi fəaliyyət göstərmiş binada indi məktəblilər və gənclər üçün müxtəlif dil, musiqi, rəqs dərnəkləri fəaliyyət göstərir. Binanın əsas zallarında beynəlxalq tədbirlər, böyük konsertlər və digər mühüm dövlət tədbirləri keçirilir. Binanın sağ girişindəki bağça da son dövrlər bərpa edilib, şəhər sakinlərinin və qonaqların istirahət məkanına çevrilib.
Binanı ziyarət edənlərə onun tarixi, burada qəbul olunmuş mühüm qərarlar barədə məlumatlar verilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi