“Tata Steel Masters 2019”: Vüqar Həşimov mükafatının qalibləri məlum olub
Bakı, 30 yanvar, AZƏRTAC
“Tata Steel Masters 2019” şahmat turnirində Vüqar Həşimov ədalətli oyunlar mükafatının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, dördüncü dəfə təqdim edilən mükafatın qalibləri keçmiş dünya çempionu hindistanlı Vişvanatan Anand və qazaxıstanlı Dinara Saduakasova olublar.
Vüqar Həşimovun qardaşı Sərxan Həşimov, turnirin direktoru Yerun van den Berq və baş hakim Pavel Votrubadan ibarət münsiflər heyəti qalibləri müəyyənləşdirərkən şahmatçıların rəqiblərinə, hakimlərə, mətbuat nümayəndələrinə və turnirin təşkilinə münasibətini nəzərə alıblar.
Tanınmış şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən bu mükafat 2015-ci ildə təsis olunub. Mükafat ilk dəfə 2016-cı ildə 78-ci “Tata Steel Masters” şahmat turnirində təqdim edilib.