TATARISTAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB MİNTİMER ŞAYMİYEVƏ
Hörmətli Mintimer Şaripoviç,
Sizi, görkəmli dövlət xadimini və siyasi xadimi şanlı yubileyiniz - anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Dərin məzmunlu həyat yolunuz, təşkilatçılıq istedadınız və dost Tatarıstanın tərəqqisi naminə yorulmaz fəaliyyətiniz Sizə yüksək nüfuz və hörmət qazandırmışdır.
Siz Tatarıstana uzun müddət ərzində başçılıq edərək, öz müdrik, uzaqgörən və ölçülüb-biçilmiş siyasətinizlə xalqınızı hərtərəfli inkişaf və tərəqqi yolu ilə inamla aparırsınız. İndi Tatarıstan Respublikası Rusiya Federasiyasının ən inkişaf etmiş subyektlərindən biridir.
Azərbaycan və Tatarıstanı çoxəsrlik səmimi dostluq, qarşılıqlı iqtisadi və mədəni münasibətlər ənənələri bağlayır. Əminəm ki, birgə səylərimizlə bu ənənələr bundan sonra da saxlanılacaq və artırılacaqdır.
Əziz Mintimer Şaripoviç,
Bu əlamətdar gündə Sizə və bütün ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
17 yanvar 2007-ci il.