DÜNYA
Tbilisidə gecə saatlarında keçirilən aksiyada 32 polis əməkdaşı xəsarət alıb
Tbilisi, 29 noyabr, AZƏRTAC
Gürcüstan müxalifətinin noyabrın 28-də axşam saatlarında başladığı etiraz aksiyası insidentsiz ötüşməyib. Gecə saatlarında aksiya iştirakçıları ilə asayiş keşikçiləri arasında qarşıdurma yaranıb. Nəticədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) 32 əməkdaşı xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilir ki, xəsarət alan polis əməkdaşından 13-nə cərrahiyyə əməliyyatı lazım olub, 1 polis hələ də xəstəxanadadır.
Polisə tabe olmamaq və inzibati qaydanı pozmaq ittihamı ilə 43 nəfər saxlanılıb.
Qeyd edək ki, etirazçılar polisə müxtəlif əşyalar, tüstü bombaları atıb və polis əməkdaşlarının gözlərinə lazer tutublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi