SİYASƏT
TBMM-NİN DEPUTATLARI AHISKA TÜRKLƏRİNƏ YARADILMIŞ ŞƏRAİTDƏN RAZIDIRLAR
Qonaqları səmimi salamlayan Arif Rəhimzadə bildirdi ki, ölkələrimiz arasında mehriban dostluq əlaqələri daha da dərinləşir və genişlənir. Azərbaycanda məskunlaşan 100 minə yaxın Ahıska türklərinin sosial problemlərinin həllinə də xüsusi diqqət yetirilir. Onların birinci beynəlxalq qurultayının Bakıda keçirilməsi və Azərbaycan Prezidentinin tədbir iştirakçılarına təbrik məktubu göndərməsi buna əyani sübutdur.
Sonra Arif Rəhimzadə Milli Məclisin iş prinsipi, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verdi.
Dostluq qrupunun sədri Anar Rzayev, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, deputat Sabir Rüstəmxanlı parlamentlərarası əlaqələrin inkişafından, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan, Ahıska türklərinə göstərilən qayğıdan danışdılar. Azərbaycanda Atatürk Mərkəzinin müdiri, deputat Nizami Cəfərov isə bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Mərkəz xalqlarımız arasında əlaqələrin daha da inkişaf etdirilməsinə, dövləti olmayan türk qardaşlarımızın problemlərinin həllinə çalışır. Prezident İlham Əliyev bu Mərkəzin fəxri sədridir və qardaşlarımıza daim qayğı göstərir.
Nümayəndə heyətinin rəhbəri Sadiq Yokut ölkəmizdə, Ahıska türklərinə yaradılan şəraitə, onların problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Prezidentinə, hökumətinə və parlamentinə minnətdarlığını bildirdi. O dedi ki, biz Azərbaycana Ahıska türklərinin birinci beynəlxalq qurultayında iştirak etmək üçün gəlmişik və gördüklərimizə valeh olmuşuq. Azərbaycanda türk qardaşlar üçün bu cür şəraitin yaradılması, beynəlxalq təşkilatlarda Türkiyə və Azərbaycan deputatlarının eyni mövqedən çıxış etmələri bizim bir millət iki dövlət olduğumuzu bir daha sübut edir.