Təbrizdə yaradılan seçki məntəqəsində 86,25 faiz seçici fəalliğı qeydə alınıb
Təbriz, 11 aprel, AZƏRTAC
İranın Təbriz şəhərində fəaliyyət göstərən Azərbaycanın Baş konsulluğunda yaradılmış seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, səsvermədə Azərbaycanın Təbrizdəki diplomatik nümayəndəliyinin əməkdaşları, onların ailə üzvləri, bu şəhərə ezamiyyətə və müalicə məqsədi ilə gələn Azərbaycan vətəndaşları iştirak ediblər.
Konsulluqdan verilən məlumata görə, seçici fəalliğı 86,25 faiz olub.
Məlumatda, həmçinin bildirilir ki, seçki məntəqəsində səsvermə azad və ədalətli, demokratik və şəffaf keçib. Azərbaycanın seçki qanunlarına, habelə Mərkəzi Seçki Komissiyasının bütün tələblərinə birmənalı qaydada əməl edilib. Səsvermə prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Təbriz