CƏMİYYƏT
Tədris ilinin son elmi şurası
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) cari tədris ilinin son elmi şurası ATU-nun "Təbib" istirahət mərkəzində keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ATU-nun rektoru, professor Gəray Gəraybəyli Nabranda yerləşən “Təbib” istirahət mərkəzinin təhsil ocağının əməkdaşlarının hərtərəfli istirahətini təmin etmək məqsədilə yaradıldığını bildirib.
Rektor qeyd edib ki, 1994-cü ilin mayında idman-sağlamlıq düşərgəsi Həmkarlar İttifaqı Komitəsinin sərəncamına verilib. Həmin vaxtdan “Təbib” istirahət düşərgəsində əməkdaşların istirahətini daha yaxşı təşkil etmək məqsədilə hər il may-iyun aylarında təmir və abadlıq işləri aparılır. Düşərgədə hər il 800 nəfərə yaxın professor və müəllimin, texniki işçi və onların ailələrinin, o cümlədən tələbənin istirahəti təmin edilir.
Mərkəzin nəzdindəki otaqların bir qismi əsaslı təmir olunub, lazımi avadanlıqlarla təchiz olunub, yeməkxanada təmir işləri başa çatıb.