Tehranda İslam Əməkdaşlıq Təşkilatının icraiyyə komitəsinin iclası keçiriləcək
Bakı, 3 oktyabr, AZƏRTAC
Milli Məclisin deputatı Gövhər Baxşəliyeva İslam Əməkdaşlıq Təşkilatı icraiyyə komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 6-dan 8-dək İran İslam Respublikasının Tehran şəhərində səfərdə olacaq.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komitədə təşkilati məsələlərlə yanaşı, qurumun qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı atılacaq addımlar müəyyənləşdiriləcək.
Tədbirdə daimi ixtisaslaşmış - siyasi məsələlər və xarici əlaqələr, iqtisadi məsələlər və ətraf mühit, insan haqları, qadın və ailə məsələləri, mədəni və hüquqi işlər, sivilizasiyalar və dinlərin dialoqu komitələrinin gündəlik layihələri tərtib ediləcək. İclasda, həmçinin Müsəlman Qadın Parlamentarların yeddinci Konfransının, İƏT-ə üzv parlamentlərin baş katiblərinin üçüncü məşvərət iclasının gündəlikləri də qəbul ediləcək.