Təhsil müəssisələrində antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə Tədbirlər Planı imzalanıb
Bakı, 29 mart, AZƏRTAC
Təhsil müəssisələrində antinarkotik təbliğatın daha da gücləndirilməsi və genişləndirilməsi işinin təşkili məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun təşəbbüsü ilə bu qurumla Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında birgə Tədbirlər Planı imzalanıb.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib.
Tədbirlər Planı çərçivəsində 2021/2022-ci dərs ilində məktəb psixoloqları üçün təlimlərin, ümumtəhsil məktəblərinin uşaq birliyi rəhbərləri, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri, müəllimlər üçün “Psixotrop maddələrin insan sağlamlığına zərəri” mövzusunda seminar-məşğələlərin, şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə “Narkotiklər haqqında həqiqəti öyrənək”, “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” və digər mövzularda profilaktik tədbirlərin keçirilməsi planlaşdırılıb.
Eyni zamanda, tədbirlərə Daxili İşlər, Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin cəlb olunması, o cümlədən Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsullarının təhsil müəssisələrinə təqdim edilməsi və şagirdlər arasında paylanılması nəzərdə tutulur.