TƏHSİL NAZİRLİYİNDƏ ABŞ-IN “PROYEKT HARMONİ” TƏŞKİLATININ PROQRAMI İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
“Proyekt Harmoni” təşkilatının nümayəndələrinin, ayrı-ayrı rayon təhsil şöbələri müdirlərinin, məktəb direktorlarının iştirak etdikləri tədbirdə təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə qazanılan uğurlardan danışmışdır.
Nazir, eyni zamanda, “Proyekt Harmoni” təşkilatının “Əlaqələndirmə və mübadilə proqramı”nın əhəmiyyətini vurğulamış və bildirmişdir ki, layihə 18 şəhər və rayonu, 71 məktəbi əhatə etmişdir. Həmin məktəblərdə internet kompyuter mərkəzləri (İKM) yaradılmış və onların hər birinə təxminən 15 min ABŞ dolları dəyərində avadanlıq verilmişdir.
M.Mərdanov layihə çərçivəsində həyata keçirilən mühüm tədbirlərdən birinin də təhsil portalının yaradılması olduğunu bildirmişdir.
“Proyekt Harmoni” təşkilatının nümayəndələri, digər natiqlər də İKT-nin təhsildə tətbiqinin vacibliyindən və əhəmiyyətindən bəhs etmişlər.
Müşavirədə təhsil müəssisələrindəki mövcud problemlər və qarşıda duran vəzifələr də müzakirə olunmuşdur.