TƏHSİL NAZİRLİYİNDƏ “ERKƏN YAŞ DÖVRÜNDƏ UŞAQLARIN İNKİŞAFI” LAYİHƏSİ ÜZRƏ MEMORANDUM İMZALANMIŞDIR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, nazir Misir Mərdanov mərasimdə demişdir ki, Azərbaycan Hökuməti ilə AİB arasında 2004-cü il noyabrın 9-da imzalanmış Sazişə əsasən, “Erkən yaş dövründə uşaqların inkişafı” Texniki Yardım layihəsi üzrə işə 2005-ci il fevralın 14-dən başlanmışdır.
Bildirilmişdir ki, ümumi dəyəri 750 min ABŞ dolları məbləğində olan texniki yardım layihəsində Azərbaycan Hökumətinin iştirak payı 150 min dollar təşkil etmişdir.
Nazir Naxçıvan və Sumqayıt şəhərlərini, Şamaxı, Quba, Cəlilabad, Tovuz, Zərdab, Bərdə, Balakən, Abşeron, İsmayıllı və Bakının Xətai rayonlarını əhatə edən layihənin məramını açıqlamışdır.
Diqqətə çatdırılmışdır ki, texniki yardımın icrası üçün təhsil, səhiyyə və maliyyə sahələrinin hər biri üzrə işçi qrupları yaradılmış, AİB-in proseduralarına əsasən, layihəyə 6 beynəlxalq və 6 milli məsləhətçi, pilot rayonlarından 7 əlaqələndirici cəlb edilmişdir.
M.Mərdanov demişdir ki, texniki yardım çərçivəsində ümumilikdə ölkəmizdə, o cümlədən müəyyənləşdirilmiş pilot rayonlarında erkən yaş dövründə uşaqların inkişafının əsas göstəriciləri təhlil olunmuş, məktəbəqədər təhsilin təkmilləşdirilməsi üzrə strategiya işlənilmiş, habelə, AİB tərəfindən maliyyələşdiriləcək və 2006-2011-ci illəri əhatə edəcək 26,7 milyon ABŞ dolları məbləğində kredit layihəsi hazırlanmışdır.
AİB-in sosial sektorlar şöbəsinin müdiri Robert Vihtol qarşılıqlı əməkdaşlığa hazır olduqlarını söyləmişdir.
Sonra “Erkən yaş dövründə uşaqların inkişafı” layihəsi üzrə anlaşma memorandumu imzalanmışdır.
Sənədi Azərbaycan Hökuməti adından təhsil naziri Misir Mərdanov və AİB tərəfdən bankın ölkəmiz üzrə direktoru Metyu Vestfal imzalamışlar.