TƏHSİL NAZİRLİYİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə nazir hazırda ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı bir sıra qurumlarla həyata keçirilən tədbirlər barədə məlumat vermiş və ABŞ-ın “Dünyaya baxış” təşkilatının bu sahədə gördüyü işlərdən danışmışdır.
Xanım Debora Zikler təmsil etdiyi təşkilatın məramını açıqlamış və qeyd etmişdir ki, respublikamızla əməkdaşlıqdan əsas məqsəd Azərbaycanın inklyuziv təhsil sahəsi üzrə regionda lider olmasını təmin etməkdir.
Beynəlxalq “Addım-Addım” assosiasiyasının xüsusi qayğıya ehtiyacı olan uşaqlara yönəlmiş proqramları barədə məlumat verən xanım Sara Klaus, dünyanın 12 ölkəsində müvafiq proqramlar üzrə iş aparıldığını nəzərə çarpdırmışdır.
Görüşdə, həmçinin dünya təcrübəsinə əsaslanaraq, beynəlxalq mütəxəssislərlə inklyuziv təhsil sahəsi üzrə iş aparılması, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzlərinın yaradılması və digər məsələlər geniş müzakirə olunmuşdur.
Sonda nazir M.Mərdanov adı çəkilən sahə üzrə müvafiq istiqamətlərin müəyyənləşdirilməsinin və pilot layihənin ilkin nəticələri ilə bağlı geniş müzakirə aparılmasının vacibliyini vurğulamışdır.