TƏHSİL SAHƏSİNDƏ HƏYATA KEÇİRİLƏN PROQRAMLARLA BAĞLI MƏTBUAT KONFRANSI OLMUŞDUR
Təhsil naziri Misir Mərdanov çıxış edərək, hazırda təhsil sistemində həyata keçirilən 9 proqram haqqında məlumat vermişdir. Bildirmişdir ki, “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqram”a (2003-2007-ci illər) əsasən, 5 ildə ölkəmizdə 44 min 698 yerlik 149 yeni məktəb binası, 175 məktəb üçün 25 min 560 yerlik əlavə korpusların inşası, 408 təhsil müəssisəsində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.
Proqrama uyğun olaraq, 2006-cı ildə 12 min 508 yerlik 35 yeni məktəb binasının və 18 təhsil müəssisəsi üçün 4 min 700 yerlik əlavə korpusların tikintisi başa çatdırılacaqdır.
Qeyd edilmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən isə bu il 8 min 580 yerlik 16 yeni məktəb binasının inşasına başlanacaqdır.
Bakı şəhərində və Abşeron rayonunda məktəb tikintisi Proqramına (2006-2008-ci illər) müvafiq olaraq, ümumilikdə, ölkəmizin paytaxtında 9004 yerlik 10, Abşeron rayonunda isə 3876 yerlik 8 məktəb binasının tikintisi nəzərdə tutulmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi ilə ötən il respublikamızda 132 yeni təhsil müəssisəsinin inşa edildiyini bildirən M.Mərdanov diqqətə çatdırmışdır ki, bu qurumun təşəbbüsü ilə hazırlanan Proqrama 2006-cı il üzrə 15 min 794 yerlik 77 yeni məktəb binasının, 12 məktəb üçün 2 min 460 yerlik əlavə korpusların inşası, 11 təhsil ocağının əsaslı təmiri barədə təkliflər verilmişdir.
Nazir demişdir ki, bu il məktəb binası tikintisi sahəsində bütün proqramlar üzrə, ümumilikdə, 64 min 384 yerlik 159 yeni məktəb binasının inşasına başlanacaq, 30 min 568 yerlik 117 yeni məktəb binasının tikintisi başa çatdırılacaqdır.
Konfransda məktəblərin avadanlıq, informasiya texnologiyaları ilə təminatı və s. ilə bağlı proqram və layihələr, onların həyata keçirilməsi istiqamətində görülən işlər barədə də açıqlamalar verilmişdir.
Sonra M.Mərdanov jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.