“Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsi başa çatıb
Bakı, 16 mart, AZƏRTAC
Bakıdakı 53 nömrəli tam orta məktəbdə təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində icra olunan “Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsinin bağlanış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva layihənin əhəmiyyətindən, şagirdlərin gələcək inkişafına təsirlərindən danışıb.
BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması baxımından təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində müəllimlərin iştirakının vacibliyini vurğulayıb.
Daha sonra şagirdlər Azərbaycan ədiblərinin əsərləri əsasında hazırlanmış səhnəciklər nümayiş etdirilib.
Qeyd edək ki, “Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsinin məqsədi ümumi təhsil məktəblərində təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq mühitinin inkişaf etdirilməsinə xidmət edir. BŞTİ-nin 18, 31, 52, 53 və 60 nömrəli məktəblərindən 30 şagird dörd ay ərzində layihə çərçivəsində yaradılan “İncəsənət dərnəyi”nin məşğələlərində iştirak edib. Bu dərnək şagirdlərdə aktyorluq və nitq bacarıqlarının inkişaf etdirilməsinə, onların tamaşalar, maarifləndirici sosial videoçarxlar hazırlamasına şərait yaradıb.