Təhsilin rəqəmsal transformasiyası üzrə növbəti beynəlxalq tədbir təşkil olunub
Bakı, 7 iyun, AZƏRTAC
“Microsoft” korporasiyasının formalaşdırdığı, UNESCO və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iştirak etdiyi “Təhsilin rəqəmsal transformasiyası üzrə dünyanın lider ölkələri” koalisiyasının növbəti görüşü təşkil olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində rəqəmsal təhsil ekosisteminin formalaşdırılması üzrə birgə seminar keçirilib, Azərbaycan, Finlandiya və Avstraliyada COVID-19 pandemiyası dövründə təhsildə tətbiq edilən innovativ təcrübələrə dair təqdimatlar edilib. Görüşdə dinləyici qismində Braziliya, İspaniya və Macarıstan Təhsil nazirliklərinin nümayəndələri iştirak ediblər.
Azərbaycanda tətbiq olunan “Virtual məktəb” layihəsi və təhsilin rəqəmsal transformasiyası istiqamətində atılmış addımlar barədə çıxış edən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov diqqətə çatdırıb ki, başlıca məqsəd ölkədə təhsilalanlar üçün bərabər, fərdiləşdirilmiş və sənaye əsaslı təhsil imkanlarının yaradılmasıdır.
Bildirilib ki, COVID-19 pandemiyası dövründə qərarların qəbul edilməsində datadan istifadənin əhəmiyyəti artıb, qısa zamanda yeni sistemlər yaradılaraq istifadəyə verilib, nəticədə data və süni intellektin effektiv tətbiqi inkişaf üçün geniş perspektivlər yaradıb. Belə ki, data əsaslı təhsil modelində şagird nəticələrinin təhlili üçün innovativ alətlər təqdim edilir. Aparılan çevik və əhatəli təhlillər nəticəsində boşluqları müəyyən edərək, məzmunu vaxtında, lazım olan yerlərdə zənginləşdirmək mümkün olur.
Daha sonra təqdimatlar əsasında ölkələr arasında müzakirələr aparılıb və üç ölkədə təhsilin rəqəmsal transformasiyası üzrə aparılan işlər iştirakçılar tərəfindən dəyərləndirilib.
Qeyd edək ki, Azərbaycan “Rəqəmsal transformasiya üzrə dünyanın lider ölkələri” koalisiyasına Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında imzalanan “Təhsilin rəqəmsal transformasiyası üzrə niyyət sənədi”nə əsasən qoşulub.