“Tək millət, tək ürək” Humanitar Platforması çərçivəsində şəhid ailələri ziyarət olunub
Bakı, 3 aprel, AZƏRTAC
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, TÜİB-in sədri Hüseyin Büyükfırat, qardaş ölkənin dövlət və hökumət adamlarının dəstəyi ilə yaradılmış “Tək millət, tək ürək” Humanitar Platforması çərçivəsində Bakıda səfərdə olan türkiyəli iş adamları YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Səbail rayonunda bir neçə şəhid ailəsini ziyarət ediblər.
YAP Səbail rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, qonaqlar əvvəlcə təşkilatın sədri Şəmsəddin Hacıyevlə görüşüb, görülmüş işlər və Səbail rayonunda həyata keçirilməsi nəzərdə tutulan sosial layihələr haqqında fikir mübadiləsi aparıblar.
Görüşdə tərəflər arasında gələcək əməkdaşlıq üçün razılıq əldə olunub. Vurğulanıb ki, YAP Səbail rayon təşkilatı qardaş Türkiyə və yerli iş adamları ilə sıx əməkdaşlıq edəcək və “Tək millət, tək ürək” Humanitar Platforması çərçivəsində Səbail rayonunun şəhid və qazi ailələri, şəhidlərin övladları və ailə üzvləri, qazilərimiz üçün təhsil və humanitar sahələrdə davamlı layihələr icra olunacaq.
Qonaqlar Səbail rayonunun Vətən müharibəsi şəhidləri Mayor Əhədzadə İlkin Qələmşah oğlu və İsmayılov Orxan Zöhrab oğlunun ailələrini evlərində ziyarət edib, şəhidlərimizin valideynlərinə, övladlarına hədiyyələr təqdim ediblər.
Görüşlər zamanı şəhidlərin ailə üzvləri ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Zəfəri, ölkəmizin ərazi bütövlüyü uğrunda şücaətlə və qəhrəmanlıqla döyüşərək şəhid olan igidlərimizin şərəfli döyüş yolundan söhbət açılıb, onların əbədiyaşar xatirəsi yad edilib. Eyni zamanda, şəhidlərimizin Vətənə əmanət övladları üçün yaradılacaq təhsil imkanları barədə məlumat verilib. Şəhid ailələrinə maddi yardım təqdim olunub.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.