TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASINDA İŞLƏMƏK İSTƏYƏNLƏR ÜÇÜN TEST İMTAHANI KEÇİRİLMİŞDİR
Komissiyadan AZƏRTAC-a bildirmişlər ki, bu qurum tərəfindən namizədlərə “İmtahana buraxılış vəsiqəsi” və “Yaddaş kitabçası” paylanmışdır.
Sənəd qəbulu noyabrın 2-dən dekabrın 2-dək aparılmışdır.
Namizədlərə 5 istiqamət - testlərin tərtibi metodikası; informasiya texnologiyaları (proqramlaşdırma, məlumat bazalarını idarəetmə sistemləri); imtahanların təşkili və idarə edilməsi; ictimaiyyətlə əlaqələr (PR) texnologiyaları; mühasibatlıq üzrə iş yeri seçmək imkanı verilmişdir.
318 nəfərin namizədliyi qeydə alınmışdır. Namizədlər Azərbaycan, Rusiya, Türkiyə, Almaniya və Ukraynanın 34 ali məktəbinin məzunlarıdır. Onların arasında Bakı Dövlət Universitetinin məzunları çoxluq təşkil edir. Namizədlər 60-dək ixtisas üzrə təhsil almışlar.
İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunmuşdur. İmtahan zamanı namizədin dövlət qulluğuna yararlılığı, Azərbaycan Respublikasının Konstitusiyasına, dövlət qulluğunu tənzimləyən normativ aktlara dair bilik səviyyəsi, ümumi dünyagörüşü, məntiqi nəticə çıxarmaq qabiliyyəti yoxlanılmışdır. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir etmir.
Testdə mümkün olan 100 baldan ən azı 80 bal toplamış 37 namizəd imtahanın 2-ci mərhələsinə buraxılmışdır.
Namizədlərin “Cavab kartı”nın yoxlanılması imtahandan dərhal sonra həyata keçirilmiş, nəticələr TQDK-nın internet saytında yerləşdirilmişdir. Hər bir namizəd imtahanın nəticələri haqqında məlumat-arayışı TQDK-da əldə edə biləcəkdir.
İmtahanın nəticələrindən narazı qalanlar onlar elan olunduqdan sonra üç gün müddətində ərizə ilə TQDK-ya müraciət edə bilərlər.