İDMAN
Tennisçi Rocer Federer yenidən reytinq cədvəlinin birinci pilləsinə yüksəlib
Bakı, 17 fevral, AZƏRTAC
Rotterdamda keçirilən tennis turnirinin dörddəbir finalında hollandiyalı Robin Haasa qalib gələn isveçrəli Rocer Federer yenidən dünya reytinq cədvəlinin birinci pilləsinə yüksəlib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, beləliklə, Federer eyni vaxtda bir neçə rekordu təzələyib. O, 36 yaşında dünya kişi tennisi tarixində reytinqin ən yaşlı lideri olub. Buna qədər həmin rekord 33 yaşlı Andre Aqassiyə məxsus idi.
İsveçrəli tennisçi reytinqin birinci pilləsini 5 il 106 gün əvvəl tərk etmişdi. İndiyədək heç kəsə bu qədər uzun fasilədən sonra zirvəyə qayıtmaq nəsib olmayıb. Federer ilk dəfə 2004-cü ildə dünyanın bir nömrəli raketka ustası olmuş və ümumilikdə 302 həftə bu yüksək pillədə qala bilmişdi.
Məşhur tennisçi yanvarda “Australian Open” turnirinin çempionu olub. Bu turnirdə o, artıq altı qələbə qazanıb. İsveçrəlinin hesabında “Böyük dəbilqə” seriyasından ümumilikdə 20 qələbə var.