REGİONLAR
Tərtər: düşmənin artilleriya atəşi nəticəsində dəymiş ziyan aradan qaldırılır FOTO VİDEO
Tərtər, 2 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində ən çox ziyan dəymiş ərazilərdən biri Tərtər rayonudur. Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində Tərtər rayonunun yaşayış məntəqələrində 57 ev və 5 qeyri-yaşayış obyekti tamamilə dağılıb, ümumilikdə, 6000-ə yaxın tikiliyə zərər dəyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlət başçısının tapşırığına əsasən qısa zaman ərzində görülmüş işlər nəticəsində 5600-ə yaxın tikilinin təmir-bərpası, 44 ev və 4 qeyri-yaşayış obyektinin tikintisi yekunlaşdırılaraq sahiblərinə təhvil verilib. Hazırda 13 ev və 1 qeyri-yaşayış obyektinin inşası, 300-dən çox tikilinin təmir-bərpası davam edir. Tərtər rayonu üzrə işlərin tez bir zamanda yekunlaşdırılması üçün bütün qüvvələr cəlb olunub.
Rayon sakinləri düşmən təxribatları zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Erməni hərbçilərinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində evi dağılmış Taleh Həşimov deyib: “Vətən müharibəsinin üçüncü günündə - sentyabrın 30-da evimizə top mərmisi düşmüşdü. Evimizin 80 faizi yararsız vəziyyətdə idi. Şükür Allaha ki, Qarabağ torpaqları işğaldan azad edildi. Düşmənin dağıtdığı evlər isə dövlətimiz tərəfindən bərpa olunur”.
Digər sakin Rafiq Əliyev isə deyib: “Müharibə vaxtı bizim evimizə dörd mərmi düşmüşdü. Ev tamamilə dağılmışdı. Prezidentimizə minnətdarlığımı bildirirəm. Bizim üçün əvvəlkindən də yaxşı, beşotaqlı yeni ev tikildi. Artıq yeni evimizdə yaşayırıq. Yaradılan şəraitdən çox razıyıq”.
Vətən müharibəsi dövründə düşmənin artilleriya atəşi nəticəsində zərər çəkən obyektlərdən biri də “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialıdır. Filialın direktor müavini Elmir Mustafazadə bildirib ki, əraziyə çoxsaylı mərmilərin düşməsi nəticəsində mərkəzi anbar, kip anbarı və daxili anbarda yanğın baş vermiş, digər binalara və kənd təsərrüfatı texnikalarına ziyan dəymişdi. Artıq dəyən ziyan aradan qaldırılıb və əvvəlki iş rejimi təmin olunub.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 11 şəhər və rayon ərazisində 13 mindən çox tikiliyə ziyan dəyib. Ziyan dəymiş tikililərin tikintisi və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir. Artıq 12 mindən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri yekunlaşıb.