TƏRTƏR ŞƏHƏRİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞI
Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də Ağdam rayonuna səfərini başa çatdırdıqdan sonra qonşu Tərtər rayonuna gəlmişdir.
Yolboyu minlərlə sakin dövlətimizin başçısını böyük hörmət və ehtiramla salamlayırdı.
Prezident İlham Əliyev ilk olaraq, rayon icra hakimiyyətinin qarşısındakı meydana gəldi. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin təntənəli açılış mərasimi oldu. Əməkdar incəsənət xadimi, heykəltəraş Akif Əsgərovun müəllifi olduğu və tuncdan tökülmüş abidənin hündürlüyü qranit postamentlə birlikdə 6 metrə yaxındır. Abidənin ətrafında yaraşıqlı park salınmışdır.
Azərbaycan Prezidenti heykəlin üzərindən ağ örtüyü götürdü, abidənin önünə gül dəstəsi qoydu.
Prezidentin xanımı Mehriban Əliyeva və qızı Leyla da abidənin önünə gül dəstəsi qoydular.
Prezident İlham Əliyev abidəni seyr etdi və burada görülən işləri yüksək qiymətləndirdi. Dövlətimizin başçısına məlumat verildi ki, Tərtər rayonunda tikinti-quruculuq işlərinin həyata keçirilməsində “Azərenerjitikintiquraşdırma” Səhmdar Cəmiyyəti fəal iştirak edir.