QAN YADDAŞI
Tərtərdə 31 mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Tərtər, 29 mart (AZƏRTAC). Tərtər şəhərindəki Gənclər Mərkəzində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri əvvəlcə “Şəhidlər” abidə kompleksini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Tədbirdə çıxış edənlər ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə danışmışlar. Bildirilmişdir ki, ermənilər öz havadarlarının köməyi ilə 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə xalqımıza qarşı soyqırımı siyasəti apararaq kütləvi qətliamlar, görünməmiş vəhşiliklər törətmişlər.
1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə həyata keçirdikləri soyqırımı zamanı on minlərlə dinc əhali öldürülmüş, görünməmiş qanlı cinayətlər törədilmişdir. O vaxtkı qırğınlar zamanı erməni daşnakları Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ və digər ərazilərdə yüzlərlə kəndi viran qoymuş, 10 minlərlə insanı məhv etmişlər.
Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmiş, Zəngəzur və digər ərazilər heç bir əsas olmadan Ermənistana verilmiş, 1948-53-cü illərdə Azərbaycan türkləri öz dədə-baba torpaqlarından deportasiya edilmişdir. Ermənilər ötən əsrin axırlarında, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda həyata keçirdikləri növbəti soyqırımında on minlərlə azərbaycanlını öldürmüş, şikəst etmişlər.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin azərbaycanlıların soyqırımı haqqında 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi və siyasi qiymətin verildiyini vurğulanmış, mənfur düşmənlərimizin məkrli niyyətləri barədə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti yüksək qiymətləndirilmişdir.