REGİONLAR
Tərtərli fermer: Xurma bağlarından yığdığımız məhsul qış aylarında əsasən Rusiyaya ixrac olunur VİDEO
Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
Bakı, 23 noyabr, AZƏRTAC
Xurma bağlarını 10 il əvvəl salmışam. Bu meyvə ağacları Tərtər rayonunun torpağına və iqlim şəraitinə çox uyğundur. Bu səbəbdən 2008-ci ildə 10 hektar ərazidə bağ salmaq qərarına gəldik.
AZƏRTAC xəbər verir ki, bunu Tərtər rayonunda fəaliyyət göstərən “Aqrokənd” MMC-nin rəhbəri Zəfər Nəsirov deyib.
Onun sözlərinə görə, xurma tingləri 5-6 ildən sonra meyvə verməyə başlayır: “Ən yaxşı halda hər hektardan 15 ton məhsul yığırıq. Ağaclara ilboyu aqrotexniki qulluq göstərilir. Yüksək məhsul əldə etmək üçün ağaclar vaxtında budanmalı, zərərvericilərə qarşı mübarizə tədbirləri aparılmalıdır. Budama çox vacibdir, ağaclar budandıqdan sonra sahə alaq otlarından təmizlənməli, bağ vaxtlı-vaxtında sulanmalıdır”.
Zəfər Nəsirov bildirib ki, hazırda xurma bağlarında mövsümi meyvə yığımı davam edir. Yığılan məhsul soyutma anbarlarında saxlanılır və qış aylarında əsasən Rusiyaya ixrac olunur: “Hazırda İrəvanlı kəndində hər evdən ən azı bir nəfər burada işlə təmin olunub. Mövsümi meyvə yığımı ilə bağlı Göyçay rayonundan da işə 20 nəfər cəlb etmişik. Onlar əsasən qablaşdırma ilə məşğuldurlar. İlboyu bağlarımızda 20 nəfər daimi işlə məşğuldur, mövsüm zamanı isə bu rəqəm 60 nəfərə çatır”.