Teymur Musayev: Vətəndaşlar sağlam həyat tərzi proqramlarında fəal iştiraka təşviq edilməlidir
Bakı, 10 mart, AZƏRTAC
COVID-19 pandemiyasından sonra yenilənmiş qlobal sağlamlıq arxitekturasının qurulması son dərəcə aktual məsələyə çevrilib. Əminəm ki, qlobal sağlamlığın gələcəyinin formalaşdırılması ilə bağlı bugünkü panel müzakirələri bəşəriyyət üçün mümkün sağlamlıq təhdidlərinə qarşı birgə səylərimizin gücləndirilməsinə töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması struktur: sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda keçirilən panel müzakirələrdə deyib.
Nazir qeyd edib ki, qlobal sağlamlıq üçün riskləri azaltmaq və davamlı sağlamlıq sistemlərinə nail olmaq üçün həm beynəlxalq, həm də milli səviyyədə adekvat tədbirlər həyata keçirilməlidir.
“Sağlamlığın təşviqi milli səviyyədə sağlamlıqla bağlı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və daha güclü səhiyyə sistemlərini qurmaq üçün mərkəzi yer tutur. Qlobal miqyasda gözlənilən ömür uzunluğu artır, buna görə də sağlamlıq mütəxəssisləri bütün həyat boyu sağlamlığına üstünlük verməlidirlər”, - deyən nazir vurğulayıb ki, fərdi həyat tərzi ilə səhiyyə xərcləri arasında əlaqə olduğunu nəzərə alaraq, vətəndaşları sağlam həyat tərzi proqramlarında fəal iştirak etməyə və hökumətlərlə sağlamlıq məsuliyyətini bölüşməyə təşviq edilməlidir. Fərdlərin davranış dəyişikliyi daha yaxşı sağlamlıq nəticələrinə nail olmaq üçün işləyə bilər.