İDMAN
Teymur Rəcəbov: Dünya çempionluğunun öz üstünlükləri var
Şəmkir, 22 aprel, AZƏRTAC
Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2018” superturnirinin IV turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb.
AZƏRTAC xəbər verir ki, ağ fiqurlarla mübarizə aparan Teymur Rəcəbov mətbuat konfransında oyunu haqqında deyib: “Oyun haqqında çox danışa bilmərik. Gedişlər təkrarlandığı üçün heç-heçə qaçılmaz oldu. Əgər gedişlər təkrar olunursa vaxt itirməyə ehtiyac yoxdur. Fikrimcə yarışda əsas mübarizə qarşıdadır”.
“Shamkir Chess-2018” superturnirinin yüksək səviyyədə təşkil olunduğunu bildirən Azərbaycan şahmatçısı bu sayda heç-heçələrin sonluğu daha maraqlı edəcəyini bildirib.
Dünya çempionu Maqnus Karlsen Şəmkirə şəxsi aşpazıyla gəlib. Jurnalistin “Siz nə vaxtsa yarışa aşpazla yollanmaq barədə düşünürsünüzmü?” sualına Teymur Rəcəbov belə cavab verib:
“Dünya çempionu titulu tamam başqadır. Çempionluğun öz üstünlükləri var. Əlbəttə dünya çempionu olan şahmatçı özünə belə imkan yarada bilər. Bu barədə heç vaxt düşünməmişəm. Ehtiyac olmayıb. Hazırda yeməyə ciddi diqqət edirəm. Bir qədər artıq çəkim olduğu üçün kalorisi çox olan qidalardan uzaq oluram. Məsələn, kabab və digər belə qidaları yemirəm. Ümumiyyətlə qidalanmaya fikir vermək çox vacibdir. Gələcəkdə də aşpazla birgə yarışa getmək barədə heç fikirləşməmişəm”.