Teymur Rəcəbov iddiaçılar turnirində iştirakdan imtina etməsi ilə bağlı açıqlama yayıb
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov iddiaçılar turnirində iştirakdan imtina etməsi ilə bağlı açıqlama yayıb. Bu barədə AZƏRTAC-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib. Teymur Rəcəbov deyib: "Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə dünya çempionu tituluna namizədlər turnirində iştirak etməli idim. Bildiyiniz kimi, hazırda dünyada koronavirus epidemiyasının artması müşahidə olunur. Dünya Səhiyyə Təşkilatı epidemiyanın risk səviyyəsini ən yüksək qiymətləndirib. Dünyada bir çox yarışlar və əlamətdar hadisələr bu vəziyyətlə əlaqədar olaraq ləğv edilir və ya təxirə salınır. Beynəlxalq Şahmat Federasiyası bir sıra profilaktik tədbirlər həyata keçirsə də, bunlar kifayət etmir. Çin şahmatçılarına, onların məşqçilərinə və müşayiət edən şəxslərə Rusiyada 14 gün müddətində karantində qalacaqları bildirilsə də, onlardan biri, onun məşqçiləri və heyəti karantinə alınıb. Ancaq Çindən gələn ikinci iştirakçı karantinə alınmayacaq və turnirin başlanmasına yaxın koronavirus epidemiyasının hər gün artdığı ölkədən gələcək. Bundan əlavə, hər hansı bir iştirakçı, məşqçi və ya onu müşayiət edən jurnalistlər, müsahibə götürənlər və ya hakimlərdən birində soyuqdəymə və ya koronavirus aşkarlanarsa turnirin necə davam edəcəyi barədə FIDE tərəfindən heç bir açıqlama verilmir. İştirakçılar karantinə alınacaqsa analiz və virusun mövcudluğunu müəyyənləşdirmək üçün nə qədər vaxt lazım olacaq? İddiaçılar turniri 22 gün ərzində davam edən 14 turdan ibarət şahmat marafonudur. Turnirin qlobal epidemiya şəraitində necə keçəcəyi, virus aşkar ediləcəyi təqdirdə hansı addımlar atılacağı və ya xəstə iştirakçıya münasibətdə hansı tədbirlərin görüləcəyi barədə heç kim izahat vermir. Bütün bu məqamların mürəkkəbliyi səbəbindən FIDE-yə turnirin daha gec tarixə təxirə salınması təklifi ilə müraciət etdim. Mənim bu təklifimi qəbul etmədilər. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq hesab etdim ki, iddiaçılar turniri kimi vacib bir yarışda bu cür şərtlər maksimum oyun səviyyəsi üçün lazım olan konsentrasiya və əhval-ruhiyyəyə çox mənfi təsir edə bilər. Nəticədə mən başqa üzvlə əvəzləndim”.
Qeyd edək ki, Teymur Rəcəbov 2019-cu ildə keçirilmiş dünya kubokunun sahibi olmaqla iddiaçılar turnirində iştirak hüququ da qazanmışdı.
İddiaçılar turnirində amerikalı Fabiano Karuana, Çinin iki təmsilçisi - Liren Dinq və Hao Yanq, rusiyalı şahmatçılar Yan Nepomnyaşi, Aleksandr Qrişuk, Kiril Alekseyenko, Niderland təmsilçisi Aniş Giri və fransalı Maksim Vaşe-Laqravın iştirakı planlaşdırılıb. Turnir martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Yarışın qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.