Tibb Universitetinin kafedra müdiri beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Bakı, 21 aprel, AZƏRTAC
Türkiyənin paytaxtında VI Beynəlxalq Tibb və Səhiyyə Elmləri Araşdırmaları Konqresi keçirilib. Ankara Bilim Universiteti və Sağlıq Diplomasiyası Dərnəyinın təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi müxtəlif ölkə alimləri tərəfindən tibb və səhiyyə sahələrində əldə olunmuş son elmi, praktiki yeniliklərlə tanışlıq olub.
Konqresdə Türkiyənin aparıcı universitetlərinin əməkdaşları ilə yanaşı, Danimarka, Serbiya və s. ölkələrdən olan tədqiqatçılar məruzələrlə çıxış ediblər.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin kafedra müdiri professor Eldar Qasımov beynəlxalq elmi konfransda “β -talassemiyalı xəstələrdə ferritinin və onun denaturasiya olunmuş formalarının elektron mikroskopik quruluş xüsusiyyətləri və fiziki parametrləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi β-talassemiyalı xəstələrin diş ətindən götürülmüş biopsiyalarda təbii ferritin nanohissəciklərinin ancaq elektron mikroskopun 100 mindən çox böyüdücülərində aşkar edildiyini müvafiq slaydlarla nümayiş etdirib.
E.Qasımov orqanizmin dəmir elementləri ilə yüklənmə dərəcəsini müəyyən etmək üçün biopsiya materialının ürək və qaraciyərdən deyil, diş ətindən götürülməsinin daha məqsədəuyğun olduğunu da bildirib.
Qeyd edək ki, həmin məruzə R.V. Şadlinski və S.A. İsrafilovanın həmmüəlliflikləri ilə təqdim olunub. ATU əməkdaşının çıxışı maraqla qarşılanıb.