“TİTANİK”İN DAHA İKİ HİSSƏSİ TAPILMIŞDIR
12 metr və 27,4 metr ölçüləri olan yeni tapıntılar gəminin dibinin yaxşı qalmış parçalarıdır. Onların üzərindəki qırmızı boya hələ də silinməmişdir. Tapıntılar “Titanik”in arxa hissəsindən 600 kilometr aralıda düşüb qalmışdır. ABŞ tədqiqatçısı Robert Ballardın ilk dəfə “Titanik”i aşkar etdiyi 1985-ci ildən bəri bu hissələr axtarış briqadalarının gözünə dəyməmişdi. İndiyədək belə hesab olunurdu ki, gəminin bu bölməsi parça-parça olub okeanın dibinə səpələnmişdir.
Yaxın vaxtlaradək aysberqlə toqquşduqdan sonra gəminin iki nəhəng hissəyə - burun və gövdə hissələrinə bölündüyü və gövdənin 20 dəqiqəyə batdığı güman edilirdi. Lakin memar və gəmi inşaatçısı Rocer Lonq konfransda bildirmişdir ki, yeni tapılmış iki parça gövdənin mühüm struktur elementidir. Onun sözlərinə görə, aysberqlə toqquşan zaman gəminin əvvəlcə bu hissəsi qopmuş və nəticədə “Titanik” iki hissəyə bölünmüşdür. Deməli, gəmi fərz edildiyindən daha tez batmışdır. Konfrans iştirakçılarının əksəriyyəti bu nəticələrlə razılaşmışdır.
1912-ci ilin aprelində əfsanəvi “Titanik”in batması nəticəsində 1,5 min adam həlak olmuşdu.