CƏMİYYƏT
Tolga Sirkecioğlu: Türkiyə nümayəndə heyətinin üzvləri olaraq COP29-da qürurla iştirak edirik
Bakı, 13 noyabr, AZƏRTAC
COP29-un Azərbaycanda keçirilməsi mühüm hadisədir. Dünyadakı nüfuzuna və roluna nəzər yetirdikdə belə bir tədbirin Azərbaycanda təşkilinin nə qədər doğru olduğunu aydın şəkildə görmək olur. Bu beynəlxalq tədbir iqlim dəyişmələrinə qarşı beynəlxalq əməkdaşlığın güclənməsinə, xüsusən Azərbaycan ilə Türkiyə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Bu fikirləri COP29-un türkiyəli iştirakçısı Tolga Sirkecioğlu AZƏRTAC-a açıqlamasında deyib.
Türkiyə nümayəndə heyətinin COP29-da böyük qürurla iştirak etdiyini vurğulayan T.Sirkecioğlu bildirib: “Artıq bu böyük konfransın üçüncü gününün tədbirlərində iştirak edirik. COP29 uğurla davam edir. Bu tədbir Azərbaycanın bütün istiqamətlər, o cümlədən ekoloji və iqtisadi sahədə atdığı mühüm addımları, eləcə də qlobal problemlərin həllinə verdiyi töhfələri təqdim etmək üçün əhəmiyyətli platformadır”.
Bugünkü tədbirdə Azərbaycanın gələcəklə bağlı strategiyaları, xüsusilə iqlim dəyişikliyi ilə mübarizə sahəsində planlaşdırdığı tədbirlər barədə verəcəyi mesajları maraqla gözlədiklərini ifadə edən T.Sirkecioğlu deyib: “Türkiyə tərəfindən də maraqlı və vacib açıqlamaların verilməsi gözlənilir. Bu cür tədbirlərdə uzunmüddətli strateji planlar hazırlanır. Biz bu planları birgə həyata keçirməyə hazırıq. COP29-un qarşıdakı günlərində də maraqlı açıqlamalar eşidəcək, yeni layihələr haqqında məlumatlar əldə edəcəyik”.