“TOPs” layihəsi çərçivəsində İvanovka kənd tam orta məktəbində idman festivalı təşkil olunub
Bakı, 1 fevral, AZƏRTAC
“TOPs - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin beşinci mövsümündə İsmayıllı rayonunun İvanovka kənd tam orta məktəbində idman festivalı keçirilib. “TOPs” proqramı Azərbaycan Təhsil Nazirliyi, “British Council Azərbaycan”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, festivalda 5-8-ci siniflərdə təhsil alan 100 məktəbli iştirak edib. Festivalda şagirdlər müxtəlif idman fəaliyyətindən ibarət estafetlərdə bacarıqlarını nümayiş etdirib və əyləncəli proqramlara qatılıblar. Uşaqların çıxışlarını İsmayıllı rayon Təhsil Şöbəsinin məsul işçiləri, məktəbin kollektivi və valideynlər izləyiblər.
Layihə rəhbəri Vəli Musayev “TOPs”un bölgələrdə də uğurla reallaşdırıldığını məmnunluqla vurğulayaraq deyib: “Çox çalışırıq ki, fiziki tərbiyə dərslərində Böyük Britaniya təcrübəsinə əsaslanan müasir təhsil texnologiyalarını Azərbaycanın bütün məktəblərinə ötürə bilək. İsmayıllıda təşkil olunan bu idman festivalı göstərdi ki, belə tədbirlər məktəblilərin həm fiziki tərbiyə dərslərinə münasibətini, həm də onların erkən yaşlardan idmana bağlılığını daha da artırır. Belə tədbirlərdə şagirdlərin valideynlərinin də iştirak etməsi müsbət haldır”.
Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən start verildiyini qeyd edən V.Musayev bildirib: “2018-2019 tədris ilində “TOPs” proqramına əlavə olaraq 100 ümumtəhsil məktəbi qoşulub. Bununla da Bakı, Sumqayıt şəhərləri ilə yanaşı, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə layihəyə cəlb olunan məktəblərin ümumi sayı 250-yə çatdırılıb. Cari tədris ilində “TOPs” layihəsinə yeni cəlb olunan ümumi təhsil müəssisələrindən 600-ə yaxın fiziki tərbiyə və ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulub. Müasir təhsil texnologiyasının tətbiqi ilə həyata keçirilən fiziki tərbiyə fənlərindən 100 minə yaxın şagirdin faydalanması gözlənilir”.
Məlumat verilib ki, ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri müasir təhsil texnologiyaları ilə təmin etmək məqsədilə “TOPs” proqramı üzrə təlimlər keçirilib. Bu metodologiya şagirdlərin hərəkət bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına imkan yaradır.