CƏMİYYƏT
Toronto şəhərində Kanada Azərbaycanlı Gənclər Birliyi yaradılıb
Bakı, 1 noyabr, AZƏRTAC
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin nəzdində Kanada Azərbaycanlı Gənclər Birliyi (Youth Unity of Azerbaijani Canadians) yaradılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Evində baş tutan açılışa dünyaşöhrətli azərbaycanlı alim, Əməkdar elm xadimi, “Humboldt” mükafatı alan ilk azərbaycanlı professor Məsud Əfəndiyev, Ontario əyalətinin keçmiş deputatı, nüfuzlu siyasətçi Reza Moridi və professor İlqar Məmmədov qatılıblar. Onlar birliyin yaradılması münasibətilə azərbaycanlı gəncləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.
Məsud Əfəndiyev Kanada Azərbaycanlı Gənclər Birliyinin yaradılmasının önəmli və doğru bir addım olduğunu vurğulayıb, yeni yaradılan birliyin ölkəmizlə sıx əlaqədə olmasının, eyni zamanda, digər ölkələrdə yerləşən Azərbaycan evlərində fəaliyyət göstərən birliklərlə ortaq tədbirlər, görüşlər keçirməsinin əhəmiyyətindən danışıb.
Sonra Azərbaycan Kanadalı Gənclər Birliyinin təşkilatçıları Fərid Məlikov və Fidan Əliyeva çıxış ediblər. Qeyd edilib ki, birliyin əsas hədəfi Kanadada yaşayan azərbaycanlı gəncləri bir araya gətirmək, elmi və digər vacib mövzularla əlaqədar görüşlər həyata keçirməkdir. Həmçinin yaxın günlərdə gənclərlə bağlı böyük bir tədbirin keçiriləcəyi və bu barədə ictimaiyyətə daha geniş məlumat veriləcəyi bildirilib.
Görüşdə qonaqlar elm, siyasət, şəxsi inkişaf haqqındakı dəyərli fikirlərini gənclərlə bölüşüblər.