Torpaq sürüşməsi İsmayıllının Sədiyan kəndində təhlükəli vəziyyət yaradıb
İsmayıllı, 22 oktyabr, AZƏRTAC
Aramsız yağan yağışlar İsmayıllı rayonunun Sədiyan kəndində torpaq sürüşməsinə səbəb olub. Bu isə yaşayış məntəqəsində təhlükəli vəziyyət yaradıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, kəndin şimal hissəsindən mərkəzinə doğru dərinliyi 1,5 metr, eni isə 3 metr olmaqla, 150 metr uzunluğunda yarğan əmələ gəlib.
Sürüşmə nəticəsində kənd sakini, 1972-ci il təvəllüdlü Əliyev Ağalı Nadir oğluna məxsus təsərrüfat tikilisi dağılaraq yararsız vəziyyətə düşüb. Habelə, yaxınlıqda olan bir neçə yaşayış evi də təhlükə qarşısındadır.