Tovuz döyüşlərində şəhid olan Xəyyam Daşdəmirovun xatirəsi anılıb
İsmayıllı, 15 iyul, AZƏRTAC
İsmayıllı rayonunun Balik kənd sakini, Tovuz döyüşlərində şəhid olan Xəyyam Daşdəmirovun ölümünün ildönümü məzarı yanında anılıb. Anım mərasimində rayon icra hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhid Xəyyam Daşdəmirovun məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Mərasimdə çıxış edən icra başçısı bir il əvvəl Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən danışıb, düşmənin növbəti irimiqyaslı hərbi təxribatının qarşısını alan, hərbi obyektlərini, xeyli döyüş texnikasını və canlı qüvvəsini məhv edən rəşadətli Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığından söhbət açıb, iyul döyüşlərini 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbəyə aparan yol kimi xarakterizə edib. Tovuz döyüşlərində vətənin müdafiəsi uğrunda canından keçən Xəyyam Daşdəmirovun və digər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyini, onların qanının yerdə qalmadığını söyləyib.
Mərasimdə Xəyyam Daşdəmirovun qısa, şərəfli ömür yolundan danışılıb. Qeyd edilib ki, o, 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olub. 2020-ci ilin may ayında həqiqi hərbi xidmətə çağırılıb və iyulun 12-də Ermənistan ordusunun Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alan zaman şəhid olub, doğulduğu Balik kəndində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xəyyam Daşdəmirov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Qonaqlar şəhidin ailəsində olub, onların qayğıları ilə maraqlanıblar.