Tullantim.az saytı yeni dizaynda
Bakı, 10 noyabr, AZƏRTAC
“Təmiz Şəhər” ASC yeni dizaynla “Tullantim.az” saytını istifadəçilərə təqdim edir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sayt vasitəsilə şəhər təmizliyi üçün yeni imkanlar təklif olunur. Layihə tullantıların miqdarının azaldılması istiqamətində ölkədə aparılan işlərə dəstək olacaq.
Saytın özəl xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onun istifadəçiləri - şəhər sakinləri də görülən işin iştirakçısı ola bilərlər. Bunun üçün onlar lazımsız hesab etdikləri geyim və əşyalarını “Tullantim.az”ın “İanə et” bölməsinə yükləyərək ehtiyacı olan şəxslərə bağışlaya bilərlər. Bununla həm xeyir iş görmüş olarlar, həm də “Təmiz Şəhər” ASC-nin tullantıların azaldılması layihəsinə dəstək olaraq yaşadıqları şəhərin təmizliyində, tullantılarının azaldılmasında pay sahibi olarlar.
Bundan başqa, saytın “Yaşıl düşün”, “Atma, yarat”, “Şəhərimizi təmiz saxlayaq”, “Birja” bölmələri ətraf mühiti təmiz saxlamağın yollarını ətraflı izah edir və öyrədir. Layihə insanlara və müəssisələrə tullantıları idarə etməyi, bəzən azaltmağı, bəzən isə həm də tullantıdan faydalanmağı, onu sənayeyə geri qaytarmağı öyrədir.
“Təmiz Şəhər” ASC hər kəsi “Tullatim.az” layihəsində fəal iştirak etməyə və tullantıları azaltmağa dəstək olmağa çağırır.