Turan Qulamzadə: Azərbaycan yaxın illərdə MMA üzrə dünya çempionatına ev sahibliyi edəcək
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan yaxın illərdə MMA üzrə dünya çempionatına ev sahibliyi edəcək. Əslində, Dünya MMA Federasiyası (WMMAF) 2020-ci ildə yarışın Bakıda keçirilməsinə ilkin olaraq razılıq vermişdi. Azərbaycan hökuməti, Gənclər və İdman Nazirliyi də yarışın təşkilinə tərəfdar idi. Ancaq koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət mundialın təşkilinə imkan vermədi.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində “ASED Fight Championship” (AFC ASED) təşkilatının təsisçisi, əlbəyaxa döyüş növləri üzrə dünya çempionu, Azərbaycan çempionatının dəfələrlə qalibi, idman ustası Turan Qulamzadə deyib.
Hazırda WMMAF ilə danışıqların davam etdiyini bildirən T.Qulamzadə bildirib ki, hər şey pandemiyanın gedişindən asılıdır. Hazırda WMMAF-in təşkilatçılığı ilə irimiqyaslı yarışların təşkili dayandırılıb. Gələn il İtaliyada dünya federasiyasının iclası olacaq. Həmin iclasda biz bir daha namizədliyimizi irəli sürəcəyik. 2020-ci il üçün dünya çempionatına namizədlik zamanı bizim təkliflər WMMAF rəhbərliyinə daha çox cəlbedici gəlmişdi. Bu səbəbdən seçim zamanı Azərbaycana üstünlük verdilər.
“WMMAF adətən dünya çempionatını promouter şirkətləri ilə birgə təşkil edir. Mundialda da həmin şirkətin seçilən idmançıları mübarizə aparırlar. AFC ASED WMMAF-in Azərbaycanda rəsmi nümayəndəsidir. Əsas hədəfimiz dünya çempionatının ya 2022-ci ya da 2023-cü ildə Bakıda təşkilinə nail olmaqdır”, - deyə T.Qulamzadə əlavə edib.
İdmançı qeyd edib: “Digər dünya çempionatları ilə müqayisədə tam fərqli bir yarış təşkil etməyi düşünürük. Bu dünya çempionatı daha maraqlı olacaq. Çünki final görüşləri MMA qəfəsində təşkil olunacaq. Yarışların MMA idman növünün üç versiyası üzrə və final görüşlərinin peşəkar səviyyədə keçirilməsini planlaşdırırıq. Bu da özlüyündə yenilik və fərqlilik olacaq. Həmçinin möhtəşəm açılış mərasiminin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, 2018-ci ildən fəaliyyətə başlayan AFC ASED-in təşkilatçılığı ilə üç kateqoriya üzrə yarışlar keçirilir.