TURİSTLƏR YENİ ORLEANIN DAĞILMIŞ RAYONLARINI GƏZƏCƏKLƏR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Yeni Orleanın turizm şirkəti müştərilərinə yeni xidmət - şəhərin “Katrina” qasırğasından daha çox zərər çəkmiş məhəllələrinə avtobusla səyahət təklif edir. Əvvəllər Yeni Orleanın görməli yerlərinə səyahətlər təşkil edən “Gray Line” şirkəti avqustun 29-da baş vermiş təbii fəlakətdən sonra müştərilərini itirmişdir. “Katrina” qasırğası Amerikanın ən dəhşətli fəlakətidir” adlı yeni marşrut təklif edən turizm şirkətinin nümayəndələri bildirmişlər ki, bu turun təşkilinə onları şəhər rəhbərlərinin sakinlərə heç bir kömək göstərməməsi sövq etmişdir.
Yeni marşrut şəhərin tarixi yerlərindən keçəcəkdir. Bundan əlavə, turistlərə qasırğanın dağıtdığı bəndləri də göstərəcəklər. Bu turlara bilet almış turistlərə avtobuslardan düşmək və dağılmış evlərin fotoşəklini çəkmək qadağan ediləcəkdir.
Şəhərin hakimiyyət orqanları isə bildirmişlər ki, bu cür turlar qasırğadan ziyan çəkənlər üçün təhqirdir.