Türk Dövlətləri Təşkilatının beyin mərkəzlərinin nümayəndələri bir araya gəliblər
Bakı, 10 fevral, AZƏRTAC
Türk Dövlətləri Təşkilatına daxil olan üzv və müşahidəçi ölkələrin iqtisadiyyat sahəsində fəaliyyət göstərən beyin mərkəzlərinin görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Katibliyinin təşkilatçılığı ilə keçirilən görüşün əsas müzakirə mövzusu “Türk Dünyasına Baxış 2040”ın həyata keçirilməsində beyin mərkəzlərinin rolu, həmçinin iqtisadi yönümlü beyin mərkəzlərinin əməkdaşlıq platforması və yol xəritəsinin hazırlanması olub.
Görüşdə məruzə ilə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Türk dövlətlərinin inteqrasiyasının dərinləşdirilməsi üçün investisiya, ticarət, maliyyə-bank və nəqliyyat-logistika sahələrində tədqiqatlar gücləndirilməli, habelə müvafiq təklif və tövsiyə sənədləri hazırlanmalıdır. “Fevralın 17-18-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək "Türk Dünyasında İqtisadi Əməkdaşlıq və İnteqrasiya üzrə İqtisadi Siyasət Araşdırma Mərkəzlərinin Seminarı" Türk dövlətlərinin iqtisadi əməkdaşlığı və İqtisadi Siyasət Araşdırma Mərkəzlərinin Şəbəkəsinin yaradılması imkanlarının müzakirəsinə həsr olunacaq. Seminarda, həmçinin Türk ölkələrinin ortamüddətli inkişaf prioritetləri və "Türk Dünyasına Baxış 2040" məqsədlərinə uyğun olaraq Türk dövlətlərinin iqtisadi əlaqələrinin genişləndirilməsi üsullarının müzakirəsi nəzərdə tutulur”, - deyə o qeyd edib.
Müzakirələrdə Türk Akademiyasının, Qazaxıstanın İqtisadi Araşdırmalar İnstitutunun, Özbəkistan Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin, Macarıstanın Xarici İşlər və Ticarət İnstitutu, Qırğızıstanın Milli Strateji Araşdırmalar İnstitutunun Hüquq və Siyasi Araşdırmalar Mərkəzi, Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi və Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutunun rəhbərləri də daxil olmaqla, 50-yə yaxın nümayəndə iştirak edib.