ELM VƏ TƏHSİL
Türk Dünyası Araşdırmaları Vəqfindən Azərbaycana dəstək məktubu: Qəhrəmanlıq mübarizəsini qardaş Türkiyə qürurla izləyir
Bakı, 27 oktyabr, AZƏRTAC
Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) sədri Közhan Yazgan Azərbaycana dəstək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradova məktub ünvanlayıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, məktubda Azərbaycanın 90-cı illərdən bəri Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlarını azad etməsi uğrunda qanı, canı bahasına apardığı qəhrəmanlıq mübarizəsini qardaş Türkiyənin qürurla izlədiyi bildirilir. Azərbaycanın 30 ilə yaxın müddətdə bu haqq mübarizəsini sülh yolu ilə həll etmək cəhdlərinin heç bir nəticə vermədiyi, ermənilərin isə mülki obyektləri hədəf aldığı, körpə-uşaq demədən, məsum insanların qanını tökərək vəhşiliklər etdiyi deyilir. Dünyanın gözü önündə baş verən bu alçaqlıq nifrətlə, lənətlə qınanılır.
“Qardaş Azərbaycanın acısı acımız, sevinci sevincimizdir” deyən K.Yazgan, “bir millət, iki dövlət” olaraq, bütün duyğularımıza ortaq olduğunu vurğulayıb.
Məktubda TDAV-ın qardaş Azərbaycanın müharibə şəraitində, həm də koronavirus səbəbi ilə ağır şərtlər altında onlayn təhsildəki uğurlarını yaxından izlədiyi, bu istiqamətdə hər hansı dəstəyin göstərilməsi üçün hazır olduqları deyilir.
Sonda K.Yazgan qardaş Azərbaycan Ordusunun qısa zamanda zəfər qazanması və işğal altında olan torpaqlarda sonsuza qədər ay-ulduzlu bayrağın dalğalanması ilə bağlı diləklərini çatdırıb.