Türk Şurasının “Gənc diplomatların üçüncü təlim proqramı”nın Astanada bağlanış mərasimi keçirilib
Bakı, 1 iyun, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) “Gənc diplomatların üçüncü təlim proqramı”nın başa çatması ilə əlaqədar iyunun 1-də Astanada, Nazarbayev Universitetində tədbir keçirilib.
Türk Şurasından AZƏRTAC-a bildiriblər ki, bağlanış mərasimində çıxış edən TDƏŞ-in baş katibi, səfir Ramil Həsənov gənc diplomatların gələcəkdə peşəkarlıqlarının artırılmasında bu proqramın əhəmiyyətini xüsusi vurğulayıb. Baş katib mühüm mövzuları əhatə edən proqramın uğurla icra olunduğunu qeyd edib. R.Həsənov proqramın icrasında əməyi olanlara, xüsusən Qazaxıstan Xarici İşlər Nazirliyinə və Nazarbayev Universitetinə təşəkkürünü bildirib. Gənc diplomatlara uğurlar arzulayan Türk Şurasının baş katibi növbəti proqramın da uğurla keçiriləcəyinə əminliyini ifadə edib.
Qazaxıstan xarici işlər nazirinin müavini Akılbek Kamaldinov, Nazarbayev Universitetinin prezidenti Şigeo Katsu və Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali proqram iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıblar. Çıxış edənlər gələcəkdə ölkələr arasında münasibətlərin inkişafına töhfə verməsi və Türk Şurası çərçivəsində münasibətlərin daha da genişləndirilməsində mühüm rol oynaması baxımından belə layihə və proqramların önəmini xüsusi vurğulayıblar.
Çıxışlardan sonra baş katib Ramil Həsənov və nazir müavini Akılbek Kamaldinov proqrama qatılan gənc diplomatlara sertifikatlar verərək onlara müvəffəqiyyətlər diləyiblər.
Proqramın mövzularından olan “Səfirlər toplantısı”nda Macaristanın Qazaxıstandakı səfiri Andras Baranyi və Qırğız Respublikası səfirliyinin birinci katibi Çolpanai Adjimatova peşəkar təcrübələrini gənc diplomatlarla bölüşüblər.
Toplantıda Azərbaycanın və Türkiyənin Qazaxıstandakı səfirləri Rəşad Məmmədov və Nevzat Uyanık da iştirak ediblər.
Bağlanış mərasimindən sonra gənc diplomatlar Çimkent, Türküstan və Almatıda təşkil olunacaq mədəni proqrama qatılacaqlar. Proqram iyunun 5-də Almatıda başa çatacaq.