DÜNYA
Türkiyə Prezidenti Nyu-Yorkda qlobal şirkətlərin rəhbərləri ilə görüşəcək
Ankara, 14 sentyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a üçgünlük səfəri çərçivəsində məşhur qlobal şirkətlərin nümayəndələri ilə görüşəcək.
AZƏRTAC xəbər verir ki, Türk Amerika İş Şurasının (TAİK) təşkilatçılığı ilə baş tutacaq müzakirələrin sentyabrın 23-də Nyu-Yorkda keçirilməsi planlaşdırılır.
İclasın gündəliyinə Ankaranın 2025-2027-ci illər üçün yeni Ortamüddətli İqtisadi Proqramı, həmçinin Türkiyədə investisiya mühitinin şərtləri daxil edilib.
Dəyirmi masa ilə yanaşı, dünyanın ən yaxşı 100 şirkətindən azı 20 icraçı direktorun iştirakı ilə nahar da nəzərdə tutulub.
Ankara və Vaşinqton qarşılıqlı ticarət dövriyyəsini ildə 100 milyard dollara çatdırmaq niyyətindədir. 2023-cü ilin sonunda Türkiyə-ABŞ ticarət dövriyyəsinin həcmi 33,5 milyard dollar təşkil edib ki, bunun da 14,8 milyard dolları Türkiyənin ixracatının payına düşüb.
Bu gün Türkiyədə ABŞ kapitalı ilə fəaliyyət göstərən iki minə yaxın şirkət var.
ABŞ şirkətlərinin Türkiyə iqtisadiyyatına yatırdığı sərmayələr 15 milyard dollar həcmində qiymətləndirilir, Birləşmiş Ştatlara türk sərmayələrinin həcmi isə 11 milyard dolları keçib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara