Türkiyədə işləyən azərbaycanlı: İnanıram ki, Faiq Qarayev çempionluq üçün yaxşı komanda quracaq - MÜSAHİBƏ
Bakı, 8 yanvar, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin və Türkiyənin “Sarıyer Bələdiyyəspor” komandasının məşqçisi Emin Əbilov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Faiq Qarayev oldu. Bu təyinatla bağlı təəssüratlarınızı bilmək istərdik...
- Faiq Qarayev dünya voleybolunun ən böyük məşqçilərindən biridir. Ondan çox şey öyrənmişəm. Yenidən yığmaya baş məşqçi təyin olunması məni sevindirdi. İnanıram ki, milli komanda onun rəhbərliyi altında uğur qazanacaq.
- Siz və Famil Ağayev uzun illərdir yığmada köməkçi məşqçi kimi çalışırsınız. Millidəki gələcək taleyiniz barədə nə deyə bilərsiniz?
- Bu barədə Faiq Qarayevlə danışığımız olmayıb. Yığmaya təyinatı ilə bağlı zəng edib təbrik etmişdim. Həm onun, həm də Azərbaycan Voleybol Federasiyasının qərarından sonra hər şeyə aydınlıq gələcək.
- Bu il kişi və qadın milli komandalarımız Qızıl Avropa Liqasında mübarizə aparacaqlar. Hər iki yığmanın turnirdəki şanslarını necə dəyərləndirirsiniz?
- Qadın voleybolçularımız 2016-cı ildə Qızıl Avropa Liqasını qazandığı zaman mən də məşqçilər heyətində idim. Bu il keçiriləcək turnirdəki şanslar barədə indidən danışmaq tezdir. Bilirsiniz ki, idmanda zədə qaçılmazdır. Ola bilər ki, yığmada hər hansı itki olsun. Həmçinin bizimlə yanaşı, digər komandalar da heyətlərini formalaşdıracaqlar. Ancaq inanıram ki, Faiq Qarayev çempionluq üçün yaxşı kollektiv quracaq. Hər iki millimizin turnirdə uğurlu nəticə əldə etməsini çox istəyirəm.
- Hazırda Türkiyə Sultanlar Liqasında mübarizə aparan “Sarıyer Bələdiyyəspor"da da köməkçi məşqçi vəzifəsini tutursunuz. Bu komandadakı işləriniz necədir?
- Artıq üçüncü ildir burada işləyirəm. Bu liqa dünyanın ən güclüləri sırasındadır. Hətta birinci də saymaq olar. Çünki çempionatda ulduz voleybolçular çıxış edirlər. Hazırda doqquzuncu sıradayıq. Məqsəd ilk “səkkizliy”ə düşməkdir. Azərbaycan millisinin üzvü Polina Rəhimova da yenidən Türkiyəyə qayıdaraq “Karayolları” komandasına keçib. Hazırda turnir cədvəlindəki vəziyyəti yaxşı olmasa da, Polina bu kollektivə güc qatacaq. Öz işimə gəlincə, böyük məşqçi olmaq üçün hər dəfə nəsə öyrənməyə çalışıram. Məşhur oyunçuların analizini edirəm. Bu da inkişafıma müsbət təsir edir.
- Türkiyə və Azərbaycan voleybolunu necə müqayisə edərdiniz?
- Türkiyə voleybolu hazırda dünyada birinci yerdədir. Ötən il qadınlardan ibarət yığma Avropa çempionu oldu. Klublararası dünya çempionatının finalında iki türk klubu qarşılaşdı. Azərbaycan voleyboluna gəlincə, ötən il böyük dəyişikliklər oldu. Yerli liqadakı komanda sayı artırıldı. Yeni rəhbərlik həvəslə işləyir. İnanıram ki, gələcəkdə bunun nəticələrini görəcəyik.
- Qış fasiləsində başqa klublardan təklif almısınız?
- Xeyr, heç bir klubdan təklif almamışam. Düşünürəm ki, bu cür təkliflər ikinci dövrənin sonlarına yaxın ortaya çıxır.