TÜRKİYƏDƏ XİLASEDİCİLƏR UÇMUŞ BİNANIN ALTINDAN DOQQUZ CƏSƏD, 26 YARALI ÇIXARMIŞLAR
AZƏRTAC-ın müxbiri Ankaradan xəbər verir ki, Konyada uçmuş onmərtəbəli binanın qalıqları altından doqquz cəsəd, 26 yaralı çıxarılmışdır. Axtarış-xilasetmə işləri bütün gecə davam etmişdir. Faciə yerinə ölkənin digər şəhərlərindən də xilasedicilər gəlmişlər.
Vilayət valisinin göstərişi ilə yaradılmış qəza qərargahının nümayəndələri bina uçan zaman orada olan insanların sayını hələlik müəyyən edə bilməmişlər. Yalnız o məlumdur ki, bəzi ailələr Qurban bayramını keçirmək üçün bir gün əvvəl başqa şəhərlərdəki qohum-əqrəbalarının yanına getmişlər.
Xilasetmə işləri davam edir.