TÜRKİYƏNİN ENERGETİKA VƏ TƏBİİ EHTİYATLAR NAZİRİ HİLMİ GÜLƏR AZƏRBAYCANA GƏLMİŞDİR
Jurnalistlərin suallarına cavab verən cənab Hilmi Gülər Azərbaycana səfərinin məqsədini açıqlamış, fevralın 3-də Bakı-Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin səhmdarları ilə kəməri kreditləşdirən təşkilatların nümayəndələri arasında yekun sənədlərinin imzalanma mərasimində iştirak edəcəyini, bir sıra görüşlər keçirəcəyini və bunlarda energetika sahəsi ilə bağlı müzakirələr aparılacağını bildirmişdir.
İxrac neft kəmərinin tikintisi ilə əlaqədar heç bir problemin olmadığını, layihənin vaxtında başa çatdırılacağını söyləyən nazir ötən həftə üç respublikanın hökumətlərinin, həmçinin bp şirkəti nümayəndələrinin iştirakı ilə Ankarada keçirilən görüş zamanı mövcud problemlərin həlli yollarının araşdırıldığını vurğulamışdır. O, kəmərin tikintisinin uğurla davam etdiyini, gündə 4 kilometr torpaqtəmizləmə və xəndəkqazma işlərinin görüldüyünü, kəmərin Türkiyədən keçən hissəsinin vaxtında hazır olacağını da bildirmişdir.
“Şahdəniz” layihəsinə toxunan nazir “ölkəmizdən kənarda bir çox işlər görməyimizə baxmayaraq, bu layihəyə də son dərəcə böyük önəm veririk, Bakı-Tbilisi-Ceyhan neft kəməri bitən kimi, qaz kəmərinin çəkilişinə başlayacağıq” demişdir.