“Türkologiya” jurnalının yeni nömrəsi Ulu Öndərin 100 illik yubileyinə həsr edilib
Bakı, 25 iyun, AZƏRTAC
“Türkologiya” jurnalının 2023-cü il üçün ilk nömrəsi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilib.
AMEA Nəsimi adına Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsindəki məqalələrdə Ulu Öndərin dil, ədəbiyyat, tarix, etnoqrafiya, xarici siyasət, incəsənət sahəsində gördüyü əvəzolunmaz işlər barədə söhbət açılır. Həmçinin yeni nömrədə Azərbaycan, Türkiyə, Özbəkistan, Şimali Makedoniya, Macarıstan alimlərinin türkologiyanın ayrı-ayrı sahələrinə aid məqalələri dərc olunub.
Geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalın “Dil və ədəbiyyat əlaqələri”, “Dilçilik tarixi”, “Türkologiyanın klassikləri” rubrikalarında yer alan nəzəri məqalələr oxucular tərəfindən maraqla qarşılanacaq.
“Personalia” rubrikasında isə Platon Melioranskinin 155, Bəkir Çobanzadənin 130 illik yubileylərinə həsr olunmuş məqalələr yer alıb.
Jurnalın baş redaktoru Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, məsul katibi dosent Aysel Qəriblidir.