TÜRKSAYAĞI QOCALIQ VƏ YA İSTANBULDA AHILLAR DİLƏNMİR
87 yaşlı estrada ulduzu Müzien Senar hələ də ölkəni qarış-qarış gəzərək konsertlər verir. O deyir: “Bir dəfə Atatürk məni sarayına dəvət etmişdi. Əllərim əsə-əsə mikrofonu götürdüm. Atatürk məni süzüb, “kəndli qızı” adlandırdı və bərbərin yanına göndərdi. Mənim uzun hörüklərim var idi. Ancaq bu, dəbdə deyildi. Hörüklərim kəsildi, əvəzinə saçlarım son dəbə uyğun, parissayağı düzəldildi. O vaxtdan saçlarımı ən müasir tərzdə kəsdirirəm”.
İstanbulun ahıl xanımları, Bosfor boğazı və Topqapı sarayı kimi, bu şəhərin rəmzinə çevrilmişlər. Onları tez-tez dəbdəbəli geyimdə kafelərdə şərq şirniyyatı süfrəsi arxasında əyləşib dünyanın dərd-sərini müzakirə edən görmək olar. Su samuru xəzindən tikilmiş kürklər isə burada firavanlıq göstəricisidir. Statistikaya görə, Türkiyədə qadınlar kişilərə nisbətən daha uzunömürlüdürlər. Arvadlar ərlərindən 10-20 il çox yaşayırlar. Ərsiz qalmış ahıl xanımlar özləri kimi qohumları ilə bir evdə yaşayır, ümumi təsərrüfatla məşğul olurlar.
Ahıl türk qadınlar, adətən, ikinci dəfə ərə getmirlər. Türkiyəli pensiyaçı qadın maddi cəhətdən təmin olunmuşdur. Bazarda meyvə-tərəvəz ucuzdur. Darıxanda bir yerə yığışıb müxtəlif stolüstü oyunlar oynayırlar.
Türkiyədə kişilər 65, qadınlar isə 60 yaşından pensiyaya çıxırlar. Dövlət müəssisəsində işləmiş pensiyaçı birdəfəlik müavinət alır. Bir neçə min dollar məbləğində bu vəsaiti banka qoymaq olar, banklarda, iri ticarət şirkətlərində işləyənlər isə birdəfəlik müavinətə daşınmaz əmlak da ala bilərlər.
12 milyonluq İstanbulda yoxsul qocalara da rast gəlmək olur. Bu, əsasən, kənddən qazanc dalınca gəlmiş tənha adamlardır. İmkansız tənha ahılları qocalar evinə qoyurlar. Türkiyə şəhərlərində dilənən ahıl qadınlara rast gəlməzsən.