ÜAK-IN “YEDİNAYA ROSSİYA” PARTİYASI İLƏ ƏMƏKDAŞLIĞI DİASPORUN RUSİYA CƏMİYYƏTİNDƏ NÜFUZUNU ARTIRIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiyanın 20 milli-mədəni və ictimai birliyindən ibarət Ümumrusiya Azərbaycan Konqresi “Yedinaya Rossiya” Partiyası ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət barədə saziş imzalamışdır.
“Yedinaya Rossiya” Partiyasının milli siyasət və dini birliklər ilə qarşılıqlı fəaliyyət üzrə əlaqələndiricisi, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Abdul-Hakim Sultıqov AZƏRTAC-ın müxbirinə sazişin əhəmiyyəti, Rusiyada hakim partiya ilə əməkdaşlıq barədə danışmışdır.
O bildirmişdir ki, sazişin məğzini milli lider Vladimir Putinin və “Yedinaya Rossiya” Partiyasının dəstəklənməsi üçün milli-mədəni birliklərin həmrəyliliyinə çağırış təşkil edir. Bununla əlaqədar, partiyanın milli siyasət sahəsində parlamentdəki “Yedinaya Rossiya” fraksiyası səviyyəsində həyata keçirdiyi səylər çox əhəmiyyətlidir. O demişdir: “Biz ilk dəfə milli siyasətin maliyyələşdirilməsi ilə əlaqədar büdcəyə maddə əlavə olunması məsələsini həll etdik. “Yedinaya Rossiya” partiyası milli-mədəni birliklərlə bərabər dövlət milli siyasətinin konsepsiyasını işləyib hazırlamaq və onu həyata keçirmək niyyətindədir. Ayrı-seçkilik, ksenofobiya və ekstremizm ilə mübarizədə vətəndaş həmrəyliyi çox vacibdir. Çünkü bu, təkcə dövlət hakimiyyətinin deyil, həm də vətəndaş cəmiyyəti təsisatlarının diqqət yetirməli olduğu sahədir. Söhbət hər hansı belə hədələrə qarşı səmərəli mübarizə mexanizminin yaradılmasından gedir”. A.Sultıqovun sözlərinə görə, bu, V.Putinin planının əsas məqsədinə - Rusiyanın bütün ərazisində həm rus milli çoxluğuna, həm də digər çoxsaylı xalqlara və azsaylı etnik icmalara mənsub bütün vətəndaşların bərabər hüququnu təmin etmək məqsədinə uyğundur. O demişdir: “Bu, bizim görmək istədiyimiz Rusiyadır”.
Konqresin adından sənədi imzalayan ÜAK-ın icraçı direktoru Eldar Quliyev sazişin Azərbaycan diasporu üçün əhəmiyyətindən danışaraq demişdir ki, Konqresin üzvləri əmindirlər ki, Prezident V.Putinin arxalandığı Rusiyanın aparıcı partiyası ilə əməkdaşlıq təşkilatımızın Rusiya cəmiyyətində nüfuzunu artıracaqdır. Biz xalqlarımızın mənafeyi və Azərbaycan diasporunun güclənməsi naminə Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə və inkişafına daha çox təsir göstərə bilərik.