REGİONLAR
Üç ayda Qəbələdə 5 milyon 381 min manatlıq sənaye məhsulu ixrac olunub
Qəbələ, 20 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 38 milyon 114,9 min manatlıq məhsul istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 543,8 min manat çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, üç ayda rayonda 5 milyon 381,6 min manatlıq sənaye məhsulu ixrac olunub. İxracın həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 629,6 min manat artıb. İxrac olunan məhsulun əsas hissəsini qida məhsulları təşkil edib.
Rayonun sənayesi əsasən, mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir. Cari ilin yanvar-mart aylarında rayonun emal sənayesində 32 milyon 703,6 min manatlıq məhsul istehsal olunub.